Çin və ABŞ-da Kovid-19 virusuna qarşı 3 peyvəndin kliniki sınaqları aparılır.
Median.Az xəbər verir ki, Çinin Hərbi Tibb Akademiyası tərəfindən Uhan Universitetinin Zonqnan Xəstəxanasında yeni tip koronavirusa qarşı hazırlanan peyvəndin sınağının ikinci mərhələsi aparılır.
ABŞ-da isə "Moderna" və "Inovio" dərman şirkətlərinin hazırladığı "mRNA-1273" və "INO-4800" adlı peyvənd nümunələrinin birinci mərhələdə sınağı keçirilir.
ABŞ Milli Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fausi peyvəndin etibarlılığını sınaqdan keçirmək məqsədilə aparılan ilk mərhələdə indiyə qədər maneə ilə qarşılaşmadıqlarını bildirib. Peyvəndin daha genişmiqyaslı kliniki sınaqlarının isə iyunun əvvəlində aparılacağını deyib.
Bundan başqa, Çinin Uhan Bioloji Məhsullar İnstitutu ilə "Sinovac" Araşdırma və Təkmilləşdirmə Şirkətinin hazırladığı iki potensial peyvəndin kliniki sınaqlarına icazə verilib.
Professor Fausi peyvəndlə bağlı görülən işlərin pandemiyanın yayılmasının qarşısını ala biləcək qədər tez bir tarixdə nəticələnməsini gözləmədiklərini bildirib. Onun sözlərinə görə, peyvənd yay və ya payız aylarında hazır ola bilər. Lakin onun iki və üçüncü kliniki sınaqları aparılmalıdır. Yalnız qış aylarında bu iş tamamlana və kütləvi şəkildə peyvəndləmə aparıla bilər.
Çinin bioloji dərman mütəxəssisi Vanq Cünci də peyvəndlə bağlı açıqlamasında hər nə qədər təcili olsa da, peyvəndlərin təhlükəsizliyi və effektivliyinə görə standartları endirə bilməyəcəklərini vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünya miqyasında koronavirusa qarşı 60-dan çox peyvənd üzərində işlər aparılır.//publika.az