Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanın özəl sektoruna maliyyə yardımı göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Səfir koronavirus pandemiyasının daha çox özəl sektorda fəsadlar törətdiyini bildirib: "Bunu nəzərə alaraq, Nazirlik tərəfindən “Cavab fondu” adı ilə kiçik özəl sahibkarlığa dəstək proqramı tətbiq edilib. Bu fondun yardımlarından həm Almaniya, həm də Azərbaycan sahibkarları bəhrələnə bilərlər”.
Proqram barədə daha ətraflı şəkildə Almaniya-Azərbaycan Ticarət Palatasının “Facebook” səhifəsindən məlumat almaq olar.
Diplomat iki ölkə arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin bərqərar olduğunu da dilə gətirib: “Mən Heydər Əliyev Mərkəzinin üzərində Almaniya bayrağının işıqlı təsviri ilə ifadə etdikləri dəstəyə görə Azərbaycana təşəkkür edirəm. COVID-19 pandemiyası dövründə sağlam qalmaq başlıca vəzifədir. Həmçinin iqtisadiyyatdakı töhfələr də mühüm əhəmiyyət daşıyır. Almaniya səfirliyi bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırdır”.