Çin hökuməti ölkədə hazırlanmış üç fərqli koronavirus peyvəndinin klinik sınaqlarının başlanmasına icazə verib.
Bu barədə Çinin Elm və Texnika nazirliyi açıqlama verib: “Hazırda klinik sınaqlar üçün üç fərqli peyvənd artıq təsdiqlənib”.
Qeyd olunub ki, bunların arasında adenoviral vektora əsaslanan peyvəndin sınaqlarının birinci mərhələsi başa çatıb. Bildirilib ki, bu, dünyada 2-ci etap sınaqları başladılan ilk peyvənddir.
Aprelin 12-də isə Çin Elmlər Akedemiyasının Uhan Virusologiya İnstitutunun hazırladığı inaktiv peyvənd sınaqlarının başlanmasına Çinin Dövlət Qida və Dərman Administrasiyası tərəfindən icazə verilib. Həmçinin digər bir inaktiv peyvənd istehsalçısı sayılan Pekin şirkəti “Sinovac Research & Development Co” sınaqlar üçün razılıq əldə edib. Bununla Çində koronavirusa qarşı hazırlanmış 3 fərqli peyvəndin sınaqları bir il ərzində 3 mərhələdə həyata keçiriləcək.
Dünyaca məhşur çinli epidemioloq Çjun Nanşan qeyd edib ki, sınaqlarda iştirak etmiş könüllülər bir ildən iki ilə qədər müddətdə müşahidə olunacaq, lakin effektivlik müşahidə olunduğu təqdirdə bu müddət qısaldıla bilər.