Rusiyada Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.
Bu barədə APA-ya Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib.
Onun sözlərinə görə, İcmaya indiyə kimi Moskvada yaşayan iki ailə müraciət edib.
“Onlar koronavirusa ailəlikcə yoluxduqlarını söyləyiblər. Hazırda Moskvada COVID-19 virusuna yoluxmuş 10-dan çox Azərbaycan vətəndaşı var. Dünən də bir azərbaycanlı gəncin koronavirusa yoluxması haqqında məlumat daxil olub. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib”, - deyə Ş.Tağıyev qeyd edib.
Diaspor sədri İcmaya müraciət edənlərə müvafiq yardımın göstərildiyini və onların Azərbaycanın Rusiyadakı səfirliyinin qaynar xəttinə yönləndirildiyini də vurğulayıb.
Ş.Tağıyev Rusiyada indiyə kimi bir azərbaycanlının koronavirusdan öldüyünü bildirib: “COVID-19 virusuna yoluxmuş soydaşımız - 50-60 yaşlarında qadın Moskva xəstəxanalarının birində vəfat edib. Həyatını itirən qadın əslən azərbaycanlı olan Rusiya vətəndaşıdır. O, müalicə aldığı xəstəxanada ölüb. Azərbaycanlı qadının cəsədi ailəsinə təhvil verilməyib.
Bildiriblər ki, meyit karantin bitəndən sonra təhvil veriləcək”.