Britaniyanın Maliyyə naziri Boris Consonun vəziyyətinin yaxşılaşdığını bildirib.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyanın Maliyyə naziri Rişi Sunak hökumətin koronavirusla bağlı keçirdiyi günlük konfransda reanimasiyada olan Baş Nazir Boris Consonun vəziyyətinin yaxşılaşdığını deyib.
"Baş Nazir öz yatağında otura bilir və onu müalicə edən həkim heyətilə çox müsbət ünsiyyət qurur", - deyə Rişi Sunak bildirib. O, həmçinin Britaniyanın ölkə daxilindəki xeyriyyə cəmiyyətləri üçün 750 milyon funt-sterlinq dəyərində büdcə ayıracağını təsdiqləyib.
Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B.Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var. Aprelin 5-də B.Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkimin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B.Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, B.Consonun xəstəxanada olması səbəbi ilə hazırda Böyük Britaniya hökumətinə müvəqqəti olaraq XİN başçısı Dominik Raab rəhbərlik edir.