Hazırda 2,5 milyon avro (4725000 AZN) dəyərində qiymətləndirilən Stalinin limuzini Rusiyanın paytaxtından oğurlanıb.
Bu barədə Qazeta.ru xəbər yayımlayıb.
Nəşrin məlumatına görə, altı nəfər qaraja girərək işlək vəziyyətdə olmayan ZİS markalı maşını saxta dövlət qeydiyyat nişanlı evakuatora mindirərək naməlum istiqamətə aparıb.
Oğurluqdan sonra isə limuzinin hazırkı sahibinin mobil telefonuna bu barədə SMS yollayıblar.
Sənədlərə görə, bu avtomobil ukraynalı oliqarxlardan birinin təhlükəsizlik xidmətinin rəhbəri Ruslan Tarpana məxsusdur. Avtomobil sahibi hazırda öz vətənində ev həbsindədir. İsmarıcı aldıqdan sonra Tarpan Moskvadakı dostundan xahiş edib ki, gedib limuzinin vəziyyətini yoxlasın. Dostu yalnız boş qarajla rastlaşıb.
Qeyd edək ki, unikal sovet avtomobili olan ZİS-115 ən yüksək çinli sovet məmurları üçün nəzərdə tutulmuşdu. 1949-cu ildə onunla şəxsən İosef Vissarionoviç Stalin gəzib.