Atmosfer havasının çirklənməsi ətraf mühitə, eləcə də insan sağlamlığına ciddi ziyan vurur. İnsanlar tərəfindən təbiətə, atmosferə atılan tullantılar isə dünya mütəxəssisləri və ekoloqları tərəfindən araşdırılır. Bu səbəbdən bir sıra ölkələrdə atmosferə atılan zərərli tullantıların qarşısının alınması üçün qanun da qəbul edilib.
Bəs Azərbaycanda necə, bu istiqamətdə hər hansı qanun layihəsinin hazırlanması gözlənilirmi?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə, ehtiyac olarsa, Azərbaycanda da havaya zərərli tullantıların atılmasını azaltmaq üçün ayrıca qanun qəbul edilə bilər.
O bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da havaya zərərli tullantıların atılmasının qarşısını almaq üçün kompleks tədbirlər görülür:
“Havada karbon qazının miqdarının azaldılması qlobal bir çağırışdır. Bu, bəzi ölkələrin sənaye siyasətinə yenidən baxmasını və xeyli investisiya qoymasını tələb edir. Ölkədə yaşıllıq sahələrinin həcmi artırılır, yeni tikilən sənaye müəssisələrində xüsusi təmizləyici qurğular quraşdırılır, köhnə texnologiyalar dəyişdirilir. Eyni zamanda avtomobil parkının yenilənməsi və elektrik avtomobillərinin təşviqi üçün qanunvericilik səviyyəsində aktlar qəbul olunub.
Bundan başqa, Azərbaycanda 2000-ci ildən Kioto protokoluna (Kioto protokolu qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda mübarizə aparmaq istiqamətində beynəlxalq tək protokoldur) qoşulub və öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Sənayeləşmənin sürətlə getməsi və avtomobillərin sayının xeyli artması Azərbaycanda da bu problemə diqqəti artırmaqdadır. Lakin düşünürəm ki, ehtiyac olarsa, bu istiqamətdə ayrıca qanun da qəbul etmək mümkündür”.
Xatırladaq ki, Böyük Britaniya havaya zərərli tullantıların, karbon qazının atılmasını sıfıra endirmək məqsədilə qanun layihəsi qəbul edib. Qanuna əsasən, qarşıdakı 30 il ərzində, yəni 2050-ci ilə qədər hökumət praktik olaraq havaya buraxılan karbon qazının miqdarını sıfıra endirmək üçün müxtəlif tədbirlər görəcək.
Qeyd edək ki, Böyük Britaniya ilə yanaşı, Norveç və Finlandiya 2030 və 2035-ci ilə, Şotlandiya 2045-ci ilə, Fransa isə 2050-ci ilə qədər bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürüb.