Valideyn himayəsindən məhrum uşaqlara layiqli ailələr tapılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bu gün “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında çıxışında məlumat verib.
Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan uşaqların doğma ailələrinə qaytarılması üçün onlara dəstək veriləcək:
“İlham Əliyev 2018-ci ilin dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə övladlığagötürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər tapşırılıb. Bu məsələyə xüsusilə də övladlığagötürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürülən uşaqlar və övladlığa uşaq götürmək istəyən şəxslərin qeydiyyatının aparılması da daxildir”.
Şöbə müdiri onu da əlavə edib ki, məsələ ilə bağlı artıq 2018-ci ildən başlayaraq bu günə qədər nazirlik nəzdində yaradılmış xüsusi İşçi qrupu fəaliyyət göstərir:
“Yaradılan İşçi qrupunun tərkibində müxtəlif sahələr üzrə peşəkar ekspertlər çalışır. Bu dövr ərzində həmin İşçi qrupu övladlığagötürmə ilə bağlı idarə sistemində iştirak edən dövlət qurumları, sırf yerlərdə işləyən dövlət qurumlarının əməkdaşları ilə müxtəlif görüşlər keçirib.
Görüşlərdə psixoloqların, hüquqşünas və vəkillərin fikirləri dinlənilib. Bundan başqa, yekun nəticələr barədə beynəlxalq məsləhətçi şirkətlərlə də danışıqlar aparılıb. Ümumi olaraq bu işin əsas məqsədi hər bir uşağa layiqli ailənin tapılmasıdır.
Daha yaxşı olardı ki, uşaqların məhz öz ailələrinə geri qaytarılmasına nail olaq. Biz bununla bağlı qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsinə dair aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq. Ümid edirik ki, bu istiqamətdə bizə müsbət rəylər veriləcək”.
//oxu.az