Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən "Əsmanur” özəl uşaq bağçası ilə bağlıdır. Belə ki, həmin məktəbəqədər təhsil müəssisəsindən saytımıza kütləvi şikayət daxil olub.Valideynlərdən bəzilərinin sözlərinə görə, övladlarının tibbi analizlərində qanlarında "ketotifen” aşkarlanıb. İddia olunur ki, bağça rəhbərliyi tərəfindən uşaqlara davamlı "ketotifen” dərmanı verilir. Beləliklə, uşaqlar bütün günü yatır, hətta günorta oyanıb, yemək belə yemirlər.
Məlumat üçün bildirək ki, "ketotifen” yuxu dərmanı deyil, allergiya əleyhinə dərman preparatıdır. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz, göstərişsiz istifadəsi uşağa zərər vura bilər. "Ketotifen” sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilir. "Ketotifen” asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.
Bəs uşaqların həyatını bu cür riskə atan bağçalar və onların rəhbərliyinin bu kimi özbaşınalıqlarının qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirdi ki, dövlət və özəl bağçalarının hər birinə ciddi nəzarət olunmalıdır:
"Özəl bağçalara ciddi nəzarət və cəza tətbiqləri olmadığı üçün onlar bu cür fəaliyyət göstərirlər. Özəl bağça adı altında kim necə istəyirsə elə də təhsil verə bilməz. Bağçalar çalışmalıdırlar ki, qanuna maksimum dərəcədə əməl etsinlər. Təhsil və tərbiyə birbaşa uşaqların və bilavasitə dövlətimizin gələcəyi ilə bağlı olduğuna görə, bu məsələlərə nəzarət daha da gücləndirilməlidir. Onların sağlam yetişməsi və formalaşması üçün əlimizdən gələni maksimum dərəcədə ortaya qoymalı, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Bunlar nəzərə alınmadığı təqdirdə, bu kimi problemləri yenə yaşayacağıq”.
Millət vəkili sonda vurğuladı ki, əgər belə faktlar təsdiqlənərsə, mütləq cəza da olmalıdır. Cəzasızlıq məsuliyyətsizliyə və eyni cinayətlərin təkrarlanamasına aparıb çıxarır.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, belə hallar təkcə uşaqların sağlamlığına zərər vermir, həm də valideynlərin özəl bağçalara olan inamını zəiflədir:
"Əsmanur” özəl uşaq bağçası barəsində şikayətlər uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Valideynlərin övladlarının qan analizlərində "ketotifen” aşkar etməsi, bu dərmanın uşaqlara bağça rəhbərliyi tərəfindən sistematik şəkildə verilməsi ilə bağlı iddialar, təkcə hüquqi və tibbi məsələ deyil, həm də məktəbəqədər təhsil müəssisələrinin etik və peşəkar fəaliyyətinə ciddi zərbədir. Bu cür vəziyyətlərdə özəl bağçaların fəaliyyətinə nəzarət mexanizmləri və lisenziya qaydaları ciddi şəkildə təhlil olunmalıdır.Azərbaycanda özəl bağçalar dövlət bağçalarına alternativ olaraq fəaliyyət göstərir və əksər hallarda daha yaxşı xidmət, fərdi yanaşma, təmiz və müasir şərait vəd edirlər. Lakin belə hadisələr, xüsusilə də uşaqlara hər hansı dərmanın valideynlərin razılığı olmadan verilməsi, bu müəssisələrin qanun çərçivəsində fəaliyyət göstərmədiyini sübut edir. Bu cür halların cəzasız qalması gələcəkdə digər özəl bağçalar üçün də mənfi presedent yarada bilər”.
Ekspertin sözlərinə görə, dünya təcrübəsində oxşar vəziyyətlərdə məktəbəqədər təhsil müəssisələrinin dərhal bağlanması, lisenziyasının ləğv olunması və məsul şəxslərin hüquqi cəzalandırılması müşahidə olunur:
"Məsələn, ABŞ və Avropa ölkələrində bu cür hallar ciddi cəzalarla müşayiət olunur. ABŞ-də özəl bağçalarda uşaqlara lazımi qaydada nəzarət olunmadıqda, bağçanın lisenziyası dərhal ləğv edilir, məsuliyyət daşıyan şəxslər isə hüquqi yolla məsuliyyətə cəlb olunur. Belə hadisələrdən sonra həmin bağçanın fəaliyyətinə heç bir formada icazə verilmir”.
K.Əsədov qeyd edib ki, bu halda "Əsmanur” bağçasının lisenziyası ləğv edilməlidir:
"Hazırda Azərbaycanda özəl bağçaların lisenziya alması üçün əsas tələblər sıxışdırılıb. Lisenziya verilməsi üçün əsas şərtlər məktəbəqədər təhsilin təminatı, təhlükəsizlik və gigiyena standartlarına uyğunluqdur. Lakin "Əsmanur” bağçası ilə bağlı iddialar göstərir ki, təkcə lisenziya vermə mərhələsində yoxlamalar aparmaq kifayət etmir. Bağçaların fəaliyyətləri daim nəzarət altında saxlanılmalı, təsadüfi yoxlamalar və şikayətlərin dərhal araşdırılması təmin edilməlidir.
Əgər iddialar təsdiqini taparsa, "Əsmanur” bağçasının lisenziyasının ləğvi qaçınılmaz olmalıdır. Bu həm ictimaiyyətə, həm də digər özəl bağçalara ciddi bir xəbərdarlıq olardı. Lakin məsələ təkcə lisenziyanın ləğvi ilə bitməməlidir. Valideynlərin bu kimi hallarda məhkəmələrə müraciət etmə haqqı təmin olunmalı, uşaqlara zərər vuran şəxslər cəzalandırılmalıdır”.
Ekspert vurğulayıb ki, dövlət bağçalarına Elm və Təhsil Nazirliyi nəzarət etsə də, özəl bağçalar üzərində nəzarət mexanizmləri hələ də zəifdir:
"Bunun səbəbi qismən özəl bağçaların sürətli inkişafı və artması ilə izah oluna bilər. Bu mənada, özəl bağçalar üçün nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsi zəruridir. Ölkədə özəl bağçalar üzrə mərkəzləşdirilmiş bir nəzarət sistemi yaradılmalı, həm lisenziya almazdan əvvəl, həm də fəaliyyətləri boyunca davamlı yoxlamalar keçirilməlidir. Hər hansı bir şikayət ciddi araşdırılmalı və lazımi tədbirlər görülməlidir.Özəl bağçaların olması təhsil sektorunda rəqabətin artmasına və seçim imkanlarının genişlənməsinə kömək edir. Bu bağçalar çox vaxt daha müasir avadanlıq, metodikalar və fərdi yanaşma ilə fərqlənir. Məsələn, dünya təcrübəsində özəl bağçalar tədrisin keyfiyyətini artırmaq üçün rəqəmsal texnologiyalara və yeni pedaqoji metodlara üstünlük verirlər. Finlandiya, Sinqapur və İsveç kimi ölkələrdə özəl bağçalar məktəbəqədər təhsildə müsbət bir rol oynayır, lakin bu ölkələrdə çox ciddi tənzimləmə mexanizmləri mövcuddur. Bu bağçalar lisenziya almazdan əvvəl bir neçə yoxlama mərhələsindən keçir, daha sonra isə fəaliyyətlərinə mütəmadi olaraq nəzarət olunur.Dünya təcrübəsi göstərir ki, məktəbəqədər təhsil sahəsində dövlət nəzarətinin zəif olduğu ölkələrdə belə hadisələr daha tez-tez baş verir. Məsələn, 2020-ci ildə Fransada özəl bağçalarda analoji hadisələr qeydə alınmış və bunun nəticəsində 10-dan çox bağçanın lisenziyası ləğv olunmuşdur. ABŞ-də isə bağça nəzarəti mexanizmlərinə əsasən hər il özəl bağçalarda 2%-dən çox olmayan problemlər aşkarlanır, çünki lisenziya sistemində çox ciddi tələblər tətbiq olunur.Azərbaycanda da özəl bağçaların ümumi sayında son illər artım müşahidə olunur. Bu isə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini və lisenziyalaşdırma prosesinin daha sərt olmasını zəruri edir”.
Onun sözlərinə görə, "Əsmanur” bağçasında baş verənlər bütün ölkə üzrə özəl bağçalara nəzarət mexanizmlərinin zəifliyini göstərir:
"Valideynlərin narazılığı və uşaqların sağlamlığına təhlükə yaradan halların baş verməsi təhsil sektorunda ciddi islahatların zəruriliyini sübut edir. Özəl bağçaların lisenziya alması və onların fəaliyyətinə nəzarət prosesləri ciddi şəkildə yenidən nəzərdən keçirilməli, dövlət tərəfindən daimi monitorinq aparılmalıdır. Dünya təcrübəsindən faydalanaraq, Azərbaycanda özəl bağçalar üçün tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi təhsilin keyfiyyətini və uşaqların təhlükəsizliyini təmin etmək üçün vacibdir”.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Məsələnin hüquqi tərəfini öyrənmək üçün vəkil Turan Abdullazadə ilə əlaqə saxladıq. Vəkil qeyd etdi ki, iddialar öz təsdiqini taparsa, "Əsmanur” bağçasının lisenziyası ləğv edilə bilər. T.Abdullazadənin dediyinə görə, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:
"Lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın müddəti bitdikdə; lisenziyanın sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd qanunla nəzərdə tutulmuş müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda".
Vəkil bildirdi ki, lisenziya və icazə lisenziya icazə verən orqanın inzibati aktı ilə ləğv edilir:
"Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır”.
Vəkil Emin Kiçikbəyovun sözlərinə görə, bağça rəhbərliyinə 14 ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası verilə bilər:
"Fakt sübuta yetirilsə, həmin şəxsləri Cinayət Məcəlləsinin 120.1 və 120.2-ci maddələrinə əsasən, qəsdən adam öldürməyə görə, 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Məcəllənin 126-cı maddəsinə əsasən, şəxs qəsdən sağlamlığa ağır zərər vurmağa görə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təbii ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir çox maddələr də əlavə oluna bilər. Bunlar istintaqın gedişində məlum olur. Hər bir halda cəzası çox ağırdır. Əgər birdən çox şəxsin sağlamlığına zərər vurularsa, bu artıq xüsusi amansızlıq adlanır və 14 ildən başlayaraq azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Belə hallarda adətən 17-18 il azadlıqdan məhrum etmə cəzası verilir”.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün bağçanın sosial şəbəkələrdə qeyd olunmuş nömrəsi ilə əlaqə saxladıq, lakin telefon söndürülmüşdü. Sadəcə müəssisənin Əcəmidəki filialı ilə əlaqə saxlaya bildik. Oradan isə adını demək istəməyən şəxs Yasamaldakı bağça ilə bağlı suallara cavab verməkdən boyun qaçırdı:
"Yəqin ki, şikayət Yasamal filialı ilə bağlıdır. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Müəssisənin rəhbəri İlahə xanımdır. Sadəcə onunla əlaqə saxlayıb danışa bilərsiniz. Biz əlaqə nömrəsi verə bilmərik".
Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700 dövlət, 157 özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2011-ci ildə Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. 2021-ci ildə isə yenidən Prezidenti İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda özəl bağçalara kimin necə nəzarət etdiyi isə sual altındadır.