Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA
Geyim formasının vahidliyini pozan elementlər və dini xarakter daşıyan geyimlərlə bağlı qərarın tətbiqində məktəblər hansı meyarları əsas götürməlidir? Bu məsələnin məktəbin Pedaqoji Şurasının qərarı ilə tənzimlənməsi nə dərəcədə düzgün yanaşmadır?
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, vahid geyim forması məktəblərdə ənənəvi olaraq uzun müddətdir mövcuddur:
“Müəyyən dövrlərdə bununla bağlı müxtəlif təşəbbüslər də irəli sürülüb. Belə formanın bərpası və tətbiqi gözlənilən və arzuolunandır. Biz bunun tərəfdarıyıq.
Digər tərəfdən, məktəbli geyim formasından kənar elementlər dedikdə nələrin nəzərdə tutulduğu dəqiq müəyyənləşdirilməlidir. Geyim tərzi həm mental və milli dəyərləri, həm də müasirliyi əks etdirməli, komfortlu, rahat, hər bir şagird üçün anlaşılan və qəbul edilən olmalıdır. Müəllimlər üçün də müəyyən geyim nümunələri tətbiq oluna bilər. İlk növbədə müəllimlərin səliqəli, sistemli, intizamlı və nisbətən mühafizəkar geyimlərə üstünlük verməsinə diqqət yetirilməlidir. Peşə etikası və peşə davranışı anlayışları var. Pedaqoji və tərbiyəvi davranış həm valideynlərdən, həm də müəllimlərdən nümunə tələb edir. İnsan özü nümunə göstərməlidir ki, məktəblilər həmin davranışı bəyənərək qəbul etsin və öz geyim və davranışlarını müəyyən dərəcədə buna uyğun formalaşdırsın.Geyim formasında vahidlik ümumilikdə tədris fəaliyyəti üçün arzuolunan və qəbul ediləndir. Lakin dini elementlərin bu məsələyə daxil edilməsi ayrıca müzakirə mövzusu olmalıdır. Əgər kimsə müəyyən şərtlər daxilində başını örtmək istəyirsə, buna imkan yaradılması mümkündür. Xüsusən də müəyyən yaş dövründən sonra, məsələn, 14-15 yaşda və ya 9, 10, 11-ci siniflərdə fərdi seçimlərə müəyyən qədər imkan verilə bilər. Lakin bu, ümumi geyim tərzinə riayət olunmaqla həyata keçirilməlidir. Məsələn, şagird məktəbli geyimini geyinməklə yanaşı, başını uyğun formada örtə bilər”.
O qeyd edib ki, müasirlik və milli dəyərlərlə yanaşı, dini-mənəvi dəyərlərin də əhəmiyyəti nəzərə alınmalıdır. Bu məsələdə sərt məhdudiyyətlər çox vaxt əks-münasibət və əks-reaksiya yarada bilər. İnsanları müəyyən davranışa zorla məcbur etmək mümkün deyil.
Məktəblərdə hansı meyarların əsas götürülməsinə gəldikdə isə, bu meyarlar ilk növbədə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilməlidir. Eyni zamanda, Nazirlər Kabineti də bu məsələlərdə tənzimləyici funksiyanı həyata keçirməli, müvafiq tövsiyə, qərar və normaları hazırlamalıdır.
Harada və necə geyinmək məsələsi təhsil müəssisələri üçün çox önəmlidir. Burada əsas diqqət şagirdin geyimindən daha çox onun təhsilə münasibətinə, təhsil almasına və özünü necə ifadə etmək istəməsinə yönəlməlidir. Əgər məktəb müəyyən mənada fərqliliyi və müxtəlifliyi qəbul edirsə, bir şagirdin başıaçıq dərsdə əyləşməsi problem olmadığı kimi, digər şagirdin başını örtməsi də problemə çevrilməməlidir. Müasir və eyni zamanda qapalı, mühafizəkar geyim tərzini seçmək istəyən şagirdlərə vahid geyim normasına uyğun bir neçə alternativ təqdim oluna bilər. Hamının eyni rəngdə və eyni formada geyinməsi mütləq tələb kimi qoyulmamalıdır. Ümumi geyim standartı müəyyən edilməli və bu çərçivədə şagirdlərə alternativlər təqdim olunmalıdır. Məktəbli geyim formasına keçid zamanı formaların pulsuz şəkildə paylanılması daha məqsədəuyğun olardı. Nazirlik maddi imkanları məhdud ailələr üçün bu xərclərin bir hissəsini öz üzərinə götürə bilər”.
O sonda vurğulayıb ki, hər bir təhsil müəssisəsinin, istər özəl, istərsə də dövlət məktəbi olmasından asılı olmayaraq, özünəməxsus qaydaları və davranış prinsipləri olmalıdır:
“Bu nümunələr düzgün tənzimlənməli və tətbiq edilməlidir. Pedaqoji şuranın qərarları da bu baxımdan fərqli ola bilər. Bəzi hallarda bu qərarlar şagirdlərin xeyrinə, bəzi hallarda isə müəyyən məhdudiyyətlərin tətbiqinə yönələ bilər. Burada şagirdlərin ailə mühiti, fəaliyyəti, hansı dini dəyərləri əsas götürməsi, kənar və xarici təsirlərin olub-olmaması kimi amillər də nəzərə alınmalıdır. Bu, eyni zamanda sosial və dini təhlükəsizlik məsələsidir. Necə geyinmək və necə davranmaq insanın dəyərləri haqqında müəyyən təsəvvür yaradır. Buna görə də məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün milli və mental dəyərlərə uyğun ümumi geyim modelləri tətbiq olunmalıdır. Burada könüllülük prinsipi əsas götürülməli və yanaşma hər kəsi əhatə etməlidir. Geyim tərzi məktəblini, müəllimi və tələbəni digər şəxslərdən müəyyən mənada fərqləndirməlidir. Hər kəs bu insanın təhsil alan və ya təhsil verən şəxs olduğunu hiss etməlidir. Təhsilin keyfiyyəti isə fərdi davranışlar və hədəflər üzərində qurulur. Bu hədəflər milli maraqlar çərçivəsində daha effektiv, sərbəst, uğurlu və optimal inkişafı təmin edəcək şəkildə tənzimlənməlidir”.
Aysel