Mojo.az Banner
11:12 Donald Tramp Azərbaycana yeni səfir namizədini təqdim edib  |     22:59 “WhatsApp”-da yenilik: ödənişli paket istifadəyə verildi  |     22:51 Yevlax sakini Bakıda qaynını qətlə yetirdi  |     22:46 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı  |     22:41 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Mühərrik yağları yenidən bahalaşdı - VİDEO  |     22:28 Radə Məmmədova vəfat edib  |     22:15 Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA  |     22:09 Ətin qiyməti dəyişəcək - Yeni qayda  |     22:00 Qumar və kazino oyunlarına qarşı POLİSDƏN ƏMƏLİYYAT  |     21:53 Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO  |     21:46 BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb  |     21:39 Kəskin istilər gəlir — Ekoloqdan açıqlama  |     21:15 Göygöldə müəllim vəfat etdi - Foto  |     21:06 Pensiyaçıların nəzərinə! — AÇIQLAMA  |     20:50 Alyona Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  |     20:42 Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib  |     20:36 Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı  |     20:27 Şəhid ailəsi üzvü olan 14 müəllim iş yerini dəyişmək imkanı qazandı  |     20:21 Big Ben 13 dəfə zəng çalsa… -Londonun qülləsinin sirrləri  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

05.12.2025 12:01 540
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:

"Sizi "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".скачать dle 11.3
Mojo.az Banner