2025-ci ilin ilk yarısı Azərbaycan turizmi üçün çətin keçib. Regionda davam edən gərginliklər və müharibə şəraiti nəticəsində ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunub. Rəsmi statistika göstəricilərinə əsasən, sektor üzrə təxminən 2 %-lik geriləmə qeydə alınıb. Xüsusilə Bakıda hotellərin doluluq səviyyəsi 40 %-ə qədər enib. Mütəxəssislərin fikrincə, yaxın günlərdə keçiriləcək "Formula 1 Azərbaycan Qran-Prisi" turizm sektoruna yeni nəfəs gətirə, hotellərin doluluğunu artıra və qonaqlama xidmətlərini canlandıra biləcək əsas hadisə olacaq. 19-21 sentyabr tarixlərində baş tutacaq yarışın minlərlə xarici turist cəlb edəcəyi gözlənilir.
"Report" "Formula 1 Azərbaycan Qran-Prisi"nin ölkə turizminə mümkün təsirlərini araşdırıb.
Qlobal kontekstdə "Formula 1" yarışı
2025-ci ilin ilk yarısı "Formula 1" üçün rekordlarla yadda qalıb. Dünyanın 14 müxtəlif trasında keçirilən yarışları ümumilikdə 3,9 milyon azarkeş tribunadan izləyib – bu, idmanın tarixində ən yüksək göstəricidir. Qlobal fan bazası isə artıq 827 milyona çatıb. Onların 43 %-ni 35 yaşdan aşağı gənclər, 42 %-ni isə qadınlar təşkil edir.
"Formula 1"in sosial media izləyicilərinin sayı 107 milyonu ötüb. Xüsusilə "TikTok" və "Instagram"da müşahidə olunan sürətli artım Bakı Qran-Prisinin də daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Yarış həftəsinə dair sosial media kontenti gənc turistlərin marağını stimullaşdıran əsas faktorlardan biri hesab olunur.
Bütün bunlar göstərir ki, "Formula 1" artıq yalnız ənənəvi idman həvəskarlarını deyil, həm də gənc nəsil və qadın izləyiciləri cəlb edən güclü qlobal brendə çevrilib. Azərbaycan da bu böyük tamaşaçı kütləsinin diqqətini çəkən ölkələr sırasında yer alır.
Bakı Qran-Prisi azarkeş marağının yüksəkliyi ilə müşahidə olunur
Yarışı izləmək üçün nəzərdə tutulmuş 12 tribunadan 9-nun biletləri artıq satılıb. Bu il tamaşaçılar üçün 20 mindən çox oturacaq yeri ayrılıb və əlavə olaraq 2 yeni tribuna inşa edilib. İlk bilet Avstraliyadan alınıb, indiyədək isə 100-dən çox ölkədən fanatlar Bakı Qran-Prisinə bilet əldə ediblər.
Yarış çərçivəsində əyləncə proqramı da olduqca zəngindir. Sentyabrın 19-da italyan-amerikalı DJ Anyma elektron musiqi və vizual şou ilə çıxış edəcək. Sentyabrın 20-də isə dünyaca məşhur DJ Martin Garrix dinamik ritmləri ilə tribunaları coşduracaq. Həmin gün Britaniyanın qlobal musiqi fenomeni Glass Animals da səhnəyə çıxaraq tədbiri zirvəyə daşıyacaq. Yarışa hazırlıq çərçivəsində bütün tikinti işləri, demək olar ki, yekunlaşıb.
Formula 1 artıq Bakının qlobal imicinin bir parçasıdır
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin sözlərinə görə, Bakı Qran-Prisi son illərdə paytaxtın turizm sektorunun inkişafında mühüm rol oynayıb:
"Bu tədbir artıq ölkənin qlobal imicini gücləndirən beynəlxalq brendə çevrilib. Yarış həftəsində Bakıya on minlərlə xarici turist gəlir. Hotellərin doluluq göstəricisi 90-100 %-ə çatır, qısamüddətli kirayə mənzillərə maraq kəskin artır. Restoranlar, ictimai iaşə və əyləncə sektorunda dövriyyə yüksəlir. Turistlərin xərcləri yalnız qonaqlama ilə məhdudlaşmır, həm də alış-veriş və nəqliyyat xidmətlərinə yayılır ki, bu da şəhər iqtisadiyyatına birbaşa əlavə gəlir gətirir".
Ekspertin fikrincə, yarış günlərində Bakı təkcə idmanın deyil, həm də musiqi, texnologiya və əyləncənin mərkəzinə çevrilir:
"F1 zonası avtomobil yarışları ilə yanaşı, zəngin off-track tədbirlər, interaktiv zonalar və elit xidmət paketləri ilə də turistlərə geniş seçim imkanı yaradır. Bu, həm turizm sektorunu canlandırır, həm də şəhərin beynəlmiləllik səviyyəsini artırır. Yarışın qlobal yayımları isə milyonlarla tamaşaçıya Azərbaycanı tanıdır, Bakının müasir simasını və Xəzəryanı turizm infrastrukturunu nümayiş etdirir".
S. Dübəndi həmçinin yarış həftəsində hotellərin qiymət siyasətində də ciddi fərqlərin olacağını qeyd edib:
"Xüsusən mərkəzi ərazilərdə yerləşən beşulduzlu hotellərdə qiymətlər adi dövrlə müqayisədə 2-3 dəfə artır. Normal günlərdə 500-600 manata başa gələn otaqlar yarış həftəsində 1 500-2 000 manata qədər yüksəlir".
Rezervasiyalarda aktivlik hiss olunur
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov bildirir ki, ilin əvvəlində müşahidə olunan geriləməyə baxmayaraq, "Formula 1" yarışları artıq turizm göstəricilərinə müsbət təsir etməyə başlayıb:
"Formula 1" yarışlarının bilet satışları müxtəlif ölkələrdən tamaşaçı cəlb edir və bu ərəfədə rezervasiyalarda ciddi aktivlik hiss olunur. Xüsusən də Bakının mərkəzində, yarış trasına yaxın hotellərdə doluluq səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb".
Ekspert əlavə edir ki, "Formula 1" yarış günlərindən əvvəl və sonra da turist axınına səbəb olur:
"Azarkeşlər adətən yarışdan bir neçə gün öncədən gəlir və bir neçə gün də qalırlar. Onlar yalnız yarışı izləməklə kifayətlənmir, Bakının görməli yerlərini gəzərək, tarixi abidələrlə və şəhərin mədəni həyatı ilə də tanış olurlar. Bu baxımdan "Formula 1" turizm üçün çox faydalıdır. Oxşar təsir iri tədbirlər, konfranslar, festivallar və beynəlxalq konsertlər zamanı da müşahidə olunur".