Mojo.az Banner
11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

08.05.2025 16:44 972
İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

Builki Zirvə Toplantısı əlamətdar hadisə - Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.

Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.

Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında ulu öndər Heydər Əliyevin xatirəsinə "Türk Dünyası Mükafatı"nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü - Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası "Yaşana bilən bir dünya üçün dialoq" mövzusuna həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarada dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan "Bakı sıçrayışı"nın əldə edilməsini şərtləndirdi.

İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaqdır.

Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".скачать dle 11.3
Mojo.az Banner