Yazın gəlişi ilə havaların xeyli isindiyi müşahidə olunur. Artıq iki gündür ölkə ərazisində havanın temperaturu 20-25 dərəcəyədək qalxır. Sinoptiklər qarşıdakı günlərdə də temperaturun bu cür davam edəcəyini, yağmursuz hava müşahidə olunacağını proqnozlaşdırırlar.
Yazın gəlişi və havaların isinməsi ilə karantin rejimini pozub evdən çölə çıxanların da sayı kəskin artıb. Əksəriyyət havaların isinməsi ilə koronavirus təhlükəsinin də azaldığını düşünür, sosial məsafə qaydalarına əməl etməyi, maska taxmağı unudur.
Bundan əvvəl apteklərdə maska qıtlığı yaşanırdısa, indi bu problem ölkə ərazisində, demək olar ki, öz həllini tapıb. Lakin indi də apteklərdən maska alıb taxmaq istəyənlərin sayı azalıb. Küçələrdə, ictimai nəqliyyatda qarşılaşdığımız insanların əksəriyyətinin maskasız olduğunu müşahidə edirik. Bəzisi bunu havaların isti keçməsi ilə əlaqələndirir, açıq havada maskaya ehtiyac olmadığını bildirir, bəziləri isə adi tibbi maskaların heç də infeksiyadan qorumadığını, yəni lüzumsuz olduğunu deyirlər.
Beləliklə, yazın gəlişi ilə, havaların isinməsi ilə bağlı insanları əsasən bu suallar maraqlandırır: havalar isindikdə koronavirus təhlükəsi azalırmı? Adi tibbi maskalar bizi bu virusdan nə qədər qoruyur? Açıq havada da maska taxmaq vacibdirmi?
Qeyd edək ki, koronavirus problemi yeni ortaya çıxan ərəfədə əksəriyyət havaların isinməsi ilə virusun aradan qalxacağına ümid edirdi. Əvvəlcə mütəxəssislərin də bu barədə pozitiv proqnozlar verməsinə rəğmən, sonradan virusun isti havada da yaşaya bildiyi haqda açıqlamalar səsləndi. Məsələn, ötən həftə Fransa mütəxəssisləri koronavirusun ən isti havada belə yaşaya bildiyini sübut etmişdilər. Belə ki, aparılan araşdırmalardan məlum olub ki, koronavirus 92 dərəcə istilikdə 15 dəqiqə yaşaya bilir. "Aix-Marseille” Universitetinin tibb fakültəsinin alimi, məşhur virusoloq Boris Pastorino və həmkarları 10 ayrı təcrübə işi apararaq, sonda bu qənaətə gəliblər. Mütəxəssislər bildirib ki, virus 30 və 60 dərəcə istilikdə yoluxma potensialını itirir, amma yenə də yaşayır. 92 dərəcə istilikdə isə 15 dəqiqə yaşaya bilir və bundan sonra tamamilə məhv olur.
Tibbi maskaya gəldikdə isə bəzi mütəxəssislər də qeyd edir ki, adi tibbi maskalar cərrahlar üçün nəzərdə tutulub və koronavirusa qarşı heç bir önləyici təsirə malik deyil. Bunun üçün xüsusi filtrli maskalardan istifadə etməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı respublikanın baş infeksionisti Cəlal İsayevin mövqeyini öyrənməyə çalışdıq. Baş infeksionist Musavat.com-a açıqlamsında öncə havaların isinməsinin koronavirus təhlükəsinə təsir edib-etməməsindən söz açdı: "Doğrudur, infeksiyalar Günəşin şüalarına dözmür, məhv olur. Amma bunu koronavirus haqqında qəti deyə bilmirik. Çünki məlumatlarımız çox azdır, onun Günəşin şüaları altında nə qədər yaşaya bildiyini, neçə dərəcədə dözümlü və ya dözümsüz olduğu dəqiq müəyyənləşməyib. Həmçinin bunun virusun epidemiologiyasında nə kimi rol oynadığı da bəlli deyil. Lakin məlum olan odur ki, koronavirus tropik, isti ölkələrdə də geniş yayılmağa başlayıb. Bu, o deməkdir ki, koronavirus məsələsində havanın necə olması rol oynamır. İnfeksiyaya yoluxmuş xəstə hava-damcı yolu ilə qarşısındakı şəxsi çox asan şəkildə yoluxdura bilir. Odur ki, bundan sonra da bir daha dözümlülük nümayiş etdirməli, mayın 4-nə qədər karantin rejiminə əməl etməliyik. Ölkədə virusa yoluxma ilə bağlı stabillik müşahidə olunur. Dözək ki, virus ölkəmizdə geniş yayılmasın.
Bildiyiniz kimi bir çox dünya mütəxəssisləri tez-tez açıqlama verib bildirirlər ki, koronavirusun pik həddi hələ baş verməyib. Bütün bunları nəzərə almaq lazımdır. Bir daha qeyd edirəm ki, virus haqqında çox az məlumat bilirik. Özümüzün, yaxınlarımızın, digər vətəndaşların həyatını təhlükəyə atmaq olmaz. Gün ərzində iki saatlıq icazə alanda öz işimizi görüb, dərhal da evə qayıtmalıyıq. Yəni havanın isinməsi bizə əsas vermir ki, lüzumsuz yerə çölə çıxıb, eşikdə istədiyimiz kimi gəzib-dolanaq. Bu, yolverilməzdir”.
Baş infeksionist hər kəsi maska taxmağa çağırdı: "Hər kəsin tibbi maskadan istifadə etməyi tövsiyə edirəm - Yəni xəstə və yaxud sağlam olub-olmamasından aslı olmayaraq bu vacibdir. Çünki heç kim dəqiq bilmir ki, onda virus var, yoxsa yox. Məlum olduğu kimi, xəstəliyi kliniki, yüngül, ayaqüstü keçirənlər də var. Hətta bu virusu ifraz etməyin müddəti 30-35 gün davam edə bilər. Ona görə də hər kəsin maska taxması vacibdir”.
Həkimin sözlərinə görə, maska virusdan tam qoruya bilməsə də, yoluxma ehtimalını qismən aşağı salır: "Virusu daşıyan şəxs maska taxarsa, digərlərini bu təhlükədən qorumuş olur. Beləliklə, gigiyenik qaydalara ciddi şəkildə əməl etmək, 2 metr məsafə saxlamaq, maska taxmaq vacibdir. Açıq havada gedərkən, yaxınlıqda heç kəs olmayanda və yaxud tək halda maşın sürərkən maska geyinməsək olar. Lakin qarşıdan kimsə gələrsə mütləq maska taxmaq lazımdır”.