Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Kənan Əsgərovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhərdə Kənan Əsgərov aralarında yaranmış mübahisə zamanı paytaxt sakini Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib. Həmin gün o, Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb, lakin bir müddətdən sonra Vüqar Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Cavab olaraq Əsgərov bununla razılaşmayaraq pulu İsrafilə qaytaracağını bildirib. Cəfərov Əsgərovun ünvanına söyüş söydükdə, aralarında dava başlayıb. Nəticədə Kənan bıçaqla Vüqara bıçaqla xəsarətlər yetirib, zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.
K.Əsgərov əvvəllər məhkum olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.