Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Kamil Rüstəmzadə və Sabirabad rayon sakini Miqdar Qarazadənin CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, 2017-ci ilin sentyabr ayında vətəndaş İntiqam Əsədzadə Abşeron RPİ-nə müraciət edərək bildirib ki, naməlum iki nəfər onu Aşağı Güzdək qəsəbəsində idarə etdiyi "Hyundai" markalı avtomobildən düşürərək döyüblər, ona məxsus mobil telefonu və 300 manat pulunu ələ keçiriblər. Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Rüstəmzadə və M.Qarazadəni saxlayıblar.
İş üzrə dindirilmiş şəxslər etiraf ediblər ki, hadisədən sonra Nəsimi rayonuna,'' Memar Əcəmi'' metrostansiyası yaxınlığında mobil telefonu satıblar, pulu isə aralarında bölüşdürüblər.
Məhkəmənin hökmü ilə K.Rüstəmzadə 10 və M.Qarazadə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.