Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emil Heydərovun (1998-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti proses keçirilib.
Median.Az xəbər verir ki, 2017-ci il dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində, qəsəbə sakini Emil Heydərov münaqişə zəminində həmyerlisi, Nicat Həziyevə (1992-ci il təv.) bıçaqla xəsarətlər yetirib, nəticədə zərərçəkən kəskin qanitirmədən hadisə yerində keçinib. Həmin tarixdə Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərovu saxlayaraq, istintaqa təqdim ediblər.
Araşdırma zamanı məlum olub ki, həmin gün Həziyev məhəlləyə qızla gəlib. Bunu görən təqsirləndirilən şəxs ona iradını bildirib, bu zəmində aralarında mübahisə başlayıb və nəticədə Emil Nicata bıçaqla ölümlə birbaşa əlaqəsi olan zərbələr endirib. Məhkəmə prosesində çıxış edən prokuror E.Heydərova 19 il cəza təyin olunmasını xahiş edib.
Növbəti proses yanvarın 17-nə təyin edilib.