Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Samir Şabanovun (1981-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, ötən il aprelin 21-də Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun (1965-ci il təv.) küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Samir Şabanov saxlanılıb.
Məlum olub ki, S.Şabanov bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub, lakin sonra onların münasibəti pozulub və o, arvadından boşanıb. Keçmiş qohumlar arasında gərgin münasibət davam edib. Saxlanılan şəxs alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirib. Buna görə, Samir Şabanov qayınatası Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq, qəsdən həyatdan məhrum edib.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.
Çıxış edən zərərçəkmişin hüquqi varisi məhkəmədən S.Şabanova ömürlük azadlıqdan məhrum edilməsini xahiş edib.
Növbəti proses ayın 15-nə təyin olunub.