Balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsindən oxu.az-a verilən məlumatına görə, cari il oktyabrın 4-5-də keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla, balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan şəxslər tutulub.
Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də, araşdırma zamanı onların yalan söylədikləri məlum olub.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqramdan çox balıq, iki qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.
İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında
və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz
ovlanmasına qarşı reydlər davam etdirilir.
Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.