"Space” TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində qonaqlar arasında azyaşlılara dünyaya necə gəldiyini izah etmək barədə müzakirələr aparılıb.
Median.Az Minval.info-ya istinadən xəbər verir ki, proqrama dəvət alan psixiatr Azər Bağırov uşaqlara onların anlayacağı dildə danışmağın zəruri olduğunu bildirib.
Həkimin sözlərinə görə, valideyn övladının sadəcə, maraqdan doğan sualına ona uyğun cavab verməlidir:
"Ana övladına deməlidir ki, qarnımda bir yuva vardı, sən orada bir ilə yaxın müddətdə böyüdün və dünyaya gəldin. Uşaq beynində isti bir yuva canlandırır. Orada böyüyüb daha sonra çıxdığını düşünür. Uşaqlar başqa suallar da verə bilərlər. Məsələn, "haradan çıxdım?”, "qarından necə çıxdım?”. Bunun üçün ana övladına "xüsusi bir dəlikdən çıxdın” deyib, çox üzərində durmamalı və ətraflı izah etməməldir. Çünki uşaq sırf marağından dolayı bunu soruşur. Sadəcə, maraq istəyini doydurmaq yetərlidir. Burada cinsi mövzulardan danışmağa ehtiyac yoxdur”.
Psixiatrın ardınca söz alan etnoqraf Təvəkkül Səlimov onun fikirlərinə hörmət etdiyini, amma A.Bağırovla razılaşmadığını söyləyib:
"Uşaqların hər sualına cavab vermək düzgün deyil. Onun əlinin üstünə sillə vurursan, deyirsən "sənlik deyil”. Mən tam səmimiyəm. Bəzən biz uşaqlara "yoxdur”, "olmaz” sözlərini öyrətmirik. Bu gün bir tikə uşaq ürəyi nə istəyir, onu da edir. "Dükana apar məni”, "onu al mənim üçün” və s. olmaz belə! Böyüyəndən sonra onlar "bezpridel” həyatı yaşayırlar”.