Primitiv dələduzluq sxemi və Bakıdan Dubaya göndərilən qara pullar » Median.Az News Agency

Primitiv dələduzluq sxemi və Bakıdan Dubaya göndərilən qara pullar
Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir dələduzluq cinayəti üzrə prosesə başlayıb. Məhkəmələrdə son illər dələduzluq əməlləri üzrə cinayət işlərinin qalaqlandığı, asan yolla varlanmaq istəyənlərin tamahından bəzən heç şeytanın da ağlına gəlməyən dolaşıq sxemlər quraraq faydalanan dələduzların hər dəfə məxsusi istedadının ortaya çıxdığı bir vaxtda əslində indiki halda mütəhimlər kürsüsündə əyləşən 29 yaşlı gəncin qurduğu sxem primitiv görünə bilər. Dubaydan ucuz “ayfon” gətirib satmaq və beləcə tər tökmədən qaz vurub qazan doldurmaq. Eyni zamanda bu cinayət işi Azərbaycandan pulların xaricə qeyri-leqal daşınması sxemini də bir daha ortaya çıxarmış olur.

Külli miqdarda dələduzluqda ittiham olunan 29 yaşlı Bəhruz Muradov bu sxemi təkbaşına qurmayıb, ona 31 yaşlı Sehran Məmmədov və 30 yaşlı Abbas Rəsullu da yardım edib.

Virtualaz.org-un xəbərinə görə, istintaqla müəyyən edilib ki, Bəhruz Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlıqlarının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb.

Və bu  ticarətə maya  qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla Orxan Süleymanlının 205 min dollarını, İlkin Tağıyevin  isə 112 min manat pulunu ələ keçirib. Növbəti dələduzluğa isə Sehran Məmmədov və Abbas Rəsullu ilə birgə “imza atıb”.  Onlarla əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıblar.  

İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.



 

“Pulları Aleksisə göndərirdim”

 

Təqsirləndirilən Bəhruz Muradov ifadəsində göstərib ki, Orxan Süleymanovu onun qohumu, İsmayıl Musayevin vasitəsilə tanıyıb. Birlikdə hərbi xidmətdə olublar. 2014-2015-ci illər “ST finans” kredit təşkilatında direktor müavini işləsə də, kredit təşkilatının təsisçilərinin qərarı ilə işdən azad olunub. Bundan sonra xırda bizneslə, telefon aksessuarlarının satışı ilə məşğul olmağa başlayıb. Sonradan işini genişləndirmək qərarına gəlib. Bu məqsədlə Dubaya üz tutub. İlk vaxtlar on-beş iyirmi ədəd telefon gətirərək Bakıda yaxşı qiymətə sata bilib.

Dubaya üçüncü səfərində ABŞ vətəndaşı Aleksis Vizardla  tanış olub. Çox pul qoyub daha çox gəlir əldə etmək istəyən B.Muradova Aleksis  topdansatış ucuz telefon aksesuarları tapa biləciyini söyləyib.

 “Aleksis təklif etdi ki, pul qoyub çoxlu qazanc əldə edək,  mən də ona inandım. Birgə ticarət üçün pul qoydum. Çünki bir neçə dəfə ucuz qiymətə topdansatış telefon tapmışdı. Malları haradan götürməsi ilə maraqlanmamışdım. Bakıya gələndə İsmayıla danışdım, yaşadığı evi girov qoyub bu işə maya qoya biləcəyini dedi. İsmayıl həmin işi Orxana da təklif etdi, razılaşdıq. Belə qərara gəldik ki, çoxlu sayda “İphone” markalı mobil telefonlar gətirib Azərbaycanda sataq. Orxan 173 min dollar verdi. Həmin puldan qazancı kimi Orxana da verdim, mayanı saxladım. Orxana qazancla birgə verməli olduğum məbləğ 205 500 dollar, götürdüyüm məbləğ isə 173 min dollar olub”-təqsirləndirilən ifadəsində belə nəql edib.

Lakin Muradov “Aleksis Vizard” adlı adamın ümumiyyətlə mövcud olduğuna dair hansısa sübutlar, dəlillər təqdim etməyib. Bu baxımdan istisna deyil ki, mifik amerikalı barədə deyilənlər onun dələduzluq sxeminin bir hissəsidir. İstintaq isə təbii ki, “Aleksis Vizard” adlı adamı axtarmayıb, yaxud axtarsa da tapa bilməyib.



 

“Onun nə zamansa yoxa çıxacağını düşünmürdüm”

 

B.Muradovun ifadəsinə inansaq, bütün pulları Aleksisə verib. Həmin pulların müqabilində alınan və satışı təşkil edilən, müxtəlif ölkələrə daşınan malların hesabatı və maliyyə sənədlərini görməyib. “Skype” vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar, amma bir müddət sonra Aleksis  müəmmalı şəkildə yoxa çıxıb.

Muradovun müstəntiqlərə danışdıqlarından:  “Bir neçə dəfə böyük qoşqulu yük maşınlarında mobil telefonlar göstərib özünün olduğunu demişdi. Azərbaycandan pulların köçürülməsi ilə bağlı heç bir sənəd təqdim edə bilmərəm. Çünki pulları qara bazar vasitəlilə Dubaya Aleksisə göndərirdim. Bu işlə məşğul olan şəxslər vardı. Onların xidmət haqqı ümumi məbləğin 0,5 faizini təşkil edirdi. Özüm də üstümdə Dubaya pul aparırdım. Aleksislə böyük həcimli ticarət quranda sadəcə ona pul verirdim, malların gəlməsi, daşınması və satışını bilmirdim. Amma hər dəfə 10-15 gün ərzində Aleksis  vəd etdiyi vaxtda qazancla birlikdə pulları qaytarırdı. Nə vaxtsa yoxa çıxacağını düşünməmişdim. Onun barəsində başqa heç bir məlumatım yoxdur”.

B.Muradovun ifadəsinə görə, İlkin Tağıyevi uzun illərdir ki, tanıyıb. Gördüyü işlərlə bağlı İlkini də məlumatlandırıb və birgə iş qurmağı təklif edib:”İlkindən 99 min dollar almışam. Qazanc olaraq 12 min dollar vermişəm”.

 

“Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”

 

Təqsirləndirilən Sehran Məmmədov ifadəsində 2012-2015-ci illərdə FHN-də sürücü işlədiyini, Bəhruzun atası Raqif Muradovun onların rəisi olduğunu, sonradan öz ərizəsi ilə işdən azad edildiyini göstərib:”Bəhruzu orta məktəb vaxtlarından tanıyıram. 2016-cı ildə Nərimanovda görüşəndə dedi ki, Çindən Dubaya, Dubaydan İstanbula elektrik mallarının daşınması və satışı ilə məşğul olur. Bu ticarətdən yüksək gəlir əldə etmək mümkün olduğunu dedi. Bəhruzla bir neçə nəfəri tanış etdim. Əldə olunan gəlirdən mənə 200-300 manat verirdi. Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”.

Təqsirləndirilən Abbas Süleymanlı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində telefon satışı ilə məşğul olan B.Muradovu İsmayılın vasitəsilə tanıdığını göstərib. Bəhruzun ticarətini təşkil edən sənədləri, dovriyyədə olan malları görməsə də, İsmayıla etibar etdiyi üçün bu işin varlığına inanıb.



Süleymanlının ifadəsindən: “İsmayıl həm dostluqda, həm də işdə etibarlı adam idi. Sehranı bu prosesin gedişi zamanı tanımışam. Sehran Bəhruzun xahişi ilə müxtəlif şəxlərdən pul alıb ona çatdırırdı. Bunun müqabilində ona 200-300 manat müqabilində şirinlik verirdi. 2016-cı ildə Emil adlı şəxslə görüşüb ondan aldığım 5 min dolları aparıb Bəhruza vermişəm. Sonra da qazanc kimi on gün sonra Bəhruzun verdiyi 5500 doları Eminin özünə qaytarmışam. Mənim bu işdə heç bir marağım olmayıb. Aramızdakı dostluğa görə Bəhruzun xahişini yerinə yetrimişəm. 2017-ci ilin yanvarında  ticarətə pul qoymaq üçün Ruslan adlı şəxsdən 57 min 600 manat alıb Bəhruza verdim. Pulun qaytarılmasında problem yarananda Bəhruzun arxasınca Türkiyəyə getdim. Tezliklə ödəniş eləyəcəyini dedi”.

 

“Daha böyük işlər görmək zamanıdır”

 

Zərərçəkmiş Orxan Süleymanov ifadəsində göstərib ki, dostu İsmayıl ona qohumu Bəhruzun karqo işi ilə məşğul olduğunu, yuxarı dairələrdə olan şəxslərinin əmanətlərinin Azərbaycana gətirilməsini təşkil etdiyini deyib:”Bəhruz işlədiyi şirkətinin rəhbərinin Aleksey (Aleksis)  adlı şəxsin milliyyətcə gürcü olduğunu deyirdi. Alekseylə Dubayda, Sinqapurda, Türkiyədə və Çində olan ofislərində fəaliyyət göstəriblər. Bu şəxs haqqında deyirdi ki, çox nüfuzlu adamdır, ona heç kim bata bilməz. Sonradan başa düşdüm ki, Bəhruz bu sözləri gələcəkdə həyata keçirəcəyi əməlləri törətdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etməyimin qarşısını almaq üçün deyirmiş. Bəhruzun səmimiyyətinə inansam da, karqo şirkətinin rəsmi sənədlərini göstərmirdi. Pulu vaxtında qaytarırdı deyə irad tutmurdum”.

Bir müddət sonra B.Muradov O.Süleymanova daha böyük işlər görməyin vaxtı çatdığını söyləyib:”Azərbaycana çoxlu sayda telefon gətirib satışını təşkil edəcəyini, daha çox qazanc əldə olunacağını dedi. Öz dostlarıma da müraciət etdim. Bəhruz məndən 223 min dollar alıb. Həmin puldan cəmi 20 min 500 dollar qaytarıb”.

Zərərçəkmiş Ruslan Babayev Bəhruzu Sehranın vasitəsilə tanıdığını, onun özünü çox nüfuzlu adam kimi təqdim etdiyini deyib. Sitat: “Sehran deyirdi ki, özü də bu işə pul qoyub yaxşı qazanc əldə edir. Guya Aleksis adlı bir şəxsin rəhbərliyi altında malların həm daşınmasını, həm də Türkiyə, Azərbaycan və Avropa ölkələrində satışını təşkil edirdi. Abbası bizə özünün şəriki kimi təqdim etmişdi. Bəhruz və onunla əlbir olan şəxslər mənimlə qardaşım Mübarizin 153 min manatını dələduzluqla ələ keçirdilər. Hər ikimizə külli miqdarda ziyan dəyib”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız B.Muradov həbsdədir, digər iki nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




10 878 18.06.18 22:12