Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota" markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüblər, onun digər 2 sərnişini, həmçinin A. Rəhimov və onun 1 sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.
Məlum olub ki, o Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
Məhkəmə prosesində çıxış edən prokuror təqsirləndirilən şəxsə 8 il cəza verilməsini xahiş edib.
Növbəti proses martın 16-a təyin edilib.