Sumqayıt Şəhər Məhkəməsində "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun СM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsiə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, Sumqayıt şəhər sakini Arzu Qurbanlı (2014-cü il təv.) 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib. A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses martın 14-ə təyin olunub.
Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.