"Məktəblilər arasında intiharların artmaması ciddi məsələlərimizdən olmalıdır" - Qənirə Paşayeva » Median.Az Агентство новостей

"Məktəblilər arasında intiharların artmaması ciddi məsələlərimizdən olmalıdır" - Qənirə Paşayeva
Tovuz rayon təhsil işçilərinin konfransında millət vəkili Q. Paşayeva bir sıra ciddi problemlərə toxunub və müəllimlərə çağırış edib

Bu il rayonun ümumtəhsil məktəblərinin attestat alan 1650 məzundan 542 nəfərin ali məktəblərə, 131 nəfərin orta -ixtisas məktəblərinə qəbul olunmasını, tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri, onların valideyn və müəllimlərini təbrik edib. Millət vəkili vurğulayıb ki, biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik.

Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər. Bu il məzunların 25 nəfərinin ali hərbi məktəblərə qəbul olunmasını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva hərbi məktəblərə daxil olan gənclərin sayına görə son illər Tovuz rayonunun ön sıralarda olmasını yüksək qiymətləndirib və hərbi kadrlar olmaq istəyən gənclərimiz fiziki hazırlıqla bərabər yüksək savadlı da olmalıdır deyib. Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin kəmiyyət və keyfiyyətindən artım olmasının önəmli olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və məktəblərimiz, müəllimlərimiz gənclərimiz arasında kitaba marağı artırmaq üçün daha ciddi səylər göstərməlidirlər. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən ana dilimizi, tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili gənclərimizin dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilməsi üçün məktəblərimizi bu istiqamətlərə xüsusi önəm verməyə çağırıb. Lazımsız verilişlər, teleseriallar, şou proqramların gəncləri kitabdan uzaqlaşdırdığını deyən millət vəkili Qənirə Paşayeva gənclərin onlardan uzaq durması istiqamətində müəllimlərin onlarla apardığı maarifləndirmə, doğru istiqamətləndirmə işlərinə xüsusi ehtiyac olduğunu, uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik deyib.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanlarda öz ixtisasından çox zəif ballar toplamış bir sıra müəllimlərlə bağlı xüsusi çıxış edən millət vəkili öz ixtisasından çox aşağı bal toplayan müəllimlərin varlığı bir sıra məktəblərimizdə təhsilin keyfiyyətinə özünün mənfi təsiri göstərir: "Bu cür

müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb yaxşı müəllim olmaq üçün gecə-gündüz artıq bu gündən məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü vidalaşmalıdırlar. Öz fənnindən həddindən aşağı az bal toplayan müəllimlərə artıq məktəbdə yer olmamalıdır. Çünki tədris etdiyi fənni özü bilməyən müəllim uşaqlara heç bir şey öyrədə bilməz. Öz fənnindən imtahanlarda həddindən aşağı az bal toplayan müəllim şagirdə vətənpərvərlikdən danışa bilməz. Çünki özü əvvəlcə vətənpərvərliyin nə demək olduğunu anlayıb, öz üzərində çalışmağa başlamalıdır. Vətənpərvərlik hansı işin sahibi olursan ol, öz işini yaxşı yerinə yetirmək deməkdir həm də."

Millət vəkili Qənirə Paşayeva məktəblərdə məktəbdən kənar tədris müəssisələrinin, uşaq yaradıcılıq mərkəzlərinin fəaliyyətinin ciddi şəkildə güclənməsinə də çağırıb və bunun vacibliyi ilə bağlı geniş fikirlərini söyləyib. Məktəblərdə psixoloqların fəaliyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva "psixoloqlar formal çalışmamalıdır, bu işdə ciddi fəaliyyətə ehtiyac var. Çünki dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqlar arasında nevrozların, depressiyaya düşənlərin sayı artır və ilk öncə psixoloqlar bu məsələlərə xüsusi diqqət yetirərək müəllimlərə və valideynlərə həmin uşaqlarla bağlı ciddi mütəxəssis məsləhətlərini söyləməlidir. Məktəbyaşlı uşaqlar arasında intiharların artmaması ən ciddi məsələlərimizdən biri olmalıdır," - deyib. Millət vəkili tələbə qəbulu üzrə nəticələrin analizi olaraq məktəblərdə gənclərin dəqiq elmlərə meylləndirilməsində ciddi işlərə ehtiyac olduğunu da deyib. Məktəb kitabxanalarının fəaliyyətinə xüsusi toxunan millət vəkili kitabxanaların fəaliyyətində fəallıq artmalıdır, uşaqların mütaliəyə meylliyini artırmaq üçün birlikdə daha çox çalışmalıyıq. Çünki bir millət sadəcə oxumaqla inkişaf edə bilər. Məktəblərdə inşa yazılara xüsusi diqqət yetirilməsinin vacibliyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bir zamanlar olduğu kimi, divar qəzetləri mövzusuna məktəblərdə yenidən diqqət yetirilməsinin xeyli sayda istedadlı gənclərin fəallığına özünün müsbət təsir edə biləcəyini də deyib. Tədbirdə Təhsil Nazirliyinin rəsmi nümayəndəsinin iştirak etməsinin müsbət hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva Tovuzun ən yaxşı məktəblərindən olan Bozalqanlı kənd məktəbinin ciddi təmirə ehtiyacı olduğunu deyib. "Sadəcə Tovuzun deyil, bütün ölkəmizin ən yaxşı məktəblərindən biri olan və böyük tarixi keçmişi olan Bozalqanlı məktəbi çox ağır vəziyyətdədir və biz bir neçə dəfə bu məktəbin təcili ciddi təmirə ehtiyacı olması məsələsini müvafiq qurumlar qarşısında qaldırmışıq. Təhsil Nazirliyindən bu məsələnin həllini tapmasında ciddi dəstək göstərməsini gözləyirik. Eyni zamanda Cəlilli məktəbinin yeni binasına uşaqların getməsinə böyük təhlükə yaradan uçma təhlükəsi hər an olan köhnə məktəb binasının sökülməsi və şagirdlərin

təhlükəsizliyinin təmin edilməsi məsələsində də təcili dəstəyə ehtiyac var." Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda qarşıdan gələn Yeni dərs ili münasibətilə bütün müəllimləri, məktəb kollektivlərini təbrik edib və "inanırıq ki, gələn il Tovuz təhsilinin uğurları daha da artacaq və həllini gözləyən problemlərin böyük çoxu öz həllini tapmağa doğru gedəcək", - deyib.

Qeyd edək ki, Tovuz rayon təhsil işçilərinin konfransında Tovuz rayon icra başçısı Tofiq Zeynalov, Təhsil Nazirliyinin rəsmi nümayəndələri və Tovuz rayon Təhsil şöbəsinin rəhbərliyi də iştirak edib.//azxeber.comскачать dle 11.3








329 12.09.17 15:18

Son Əlavə