“Ebay”, “Aliexpress” saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur? » Median.Az Агентство новостей

“Ebay”, “Aliexpress” saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur?
Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergisi bir çox sual doğurur.

Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə məlumat yayımlanıb.

Dəyişikliklərə əsasən məcəllənin 168.1.5, 169.1, 169.3 maddələri virtual aləmdə ƏDV-nin tətbiqini tənzimləyir.

Hotel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla digər xidmətlərə görə xaricə edilən ödənişlərə ƏDV tətbiq olunacaq.

Bu dəyişikliyə diqqət edəsi olsaq, o zaman fiziki məhsulların alış-verişi zamanı 18% ƏDV-nin tətbiq olunmayacağını görə bilərik.

Yəni, çox saylı sosial şəbəkə istifadəçilərinin paylaşımlarında qeyd etdikləri kimi “Ebay”, “Amazon”, “Aliexpress” və s. kimi saytlardan alınan məhsullar üçün 18% ƏDV-nin tətbiq edilməsi xəbəri əsassızdır.

Lakin biraz daha dərinə gedərək kiçik bir xırdalığı nəzərinizə çatdırmaq istəyirik. Belə ki, yeni dəyişikliklərə əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10%-i miqdarında ödəmə mənbəyində vergi tutur.

Bu hala misal olaraq : Azərbaycan vətəndaşının, xarici bir vətəndaşın PayPal hesabına pul köçürməsini nəzərdə tuta bilərik. Bu köçürmənin səbəbindən asılı olmayaraq, ödənişin 10%-i pul köçürənin hesabından vergi olaraq tutulacaq.

Vergilər Nazirliyindən və banklardan birindən aldığımız məlumata görə, alıcıların məhsul sifariş verdikləri “Ebay” və “Aliexpress” saytlarının ödənişi müvafiq olaraq PayPal və “Aliexpress” vasitəsilə reallaşdırılsa da, bank ödəniş əməliyyatı zamanı məhsulların bu saytlardan alındığını və PayPal ilə “Aliexpress”-in bu ödənişdə sadəcə merçant rolu oynadığını təyin edə bilir.

Beləliklə, alış-veriş zamanı 10%-lik vergi tutulmur və bu vergi tutulması sadəcə Pul kisələrinə birbaşa ödəniş zamanı tutulur. Yeni dəyişikliklərin bəzi istifadəçilər tərəfindən tam olaraq anlaşılmaması səbəbindən sosial şəbəkələrdə fərqli şərhlər görə bilirik.

Ümid edirik, qısaca olaraq izah etməyə çalışdığımız bu iki məqam problemli müzakirələrin sonlanmasına səbəb ola bilər.

Əlavə olaraq bir daha qeyd edək ki, bu haqda məlumatları Vergilər Nazirliyindən və Banklardan birindən almışıq.

Mənbə: Technote.az Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






795 11.01.17 17:51
 
Median.Az